RSS

Əmək yarmarkası yoxsa Gözə pərdə?

Bugün (27.04.2012) Gəncə şəhərində ümidlə gözlədiyim «Əmək Yarmarkasına» getdim. Bir işsiz kimi Məşğulluq İdarəsi mənə ora getməyimi məsləhət görmüşdü. Saat 11:00-da iki ali təhsilli işsiz qohumlar artıq orada idik. Bizi kimi xeyli ali təhsilli gənclər və başqa işsizlər var idi. İş yerləri haqda məlumat olan lövhələrə göz gəzdirəndə gülmək məni tutdu. 100 manatlıq iş yeri gözümə dəyəndə sevinirdim. 75 manata 5 il iş təcrübəsi olan metodistləri qəbul edirlərsə mənə, ilk iş axtarana, nə təklif edəcəkdilər?
İxtisasıma uyğun yalnız «sığorta agenti» vəzifəsinə vakansiya var idi ki, burda da məni işə götürsələr, qapı-qapı düşüb müştəri tapmalı idim və tapdığım hər müştəridən mənə faiz düşəcəkdi, bu da mənim əmək haqqım olacaqdı.
Başqa vakansiyalardan yadımda qalanlar: xadimə, süpürgəçi, ofisant, fəhlə, qabyuyan, zibilyığan… Şadlıq saraylarına xeyli işçi lazım imiş. Amma heç bu işlərə getmək istəyənləri də razı görmədim. Bir qadın digərinə deyirdi ki, qabyuyan adı ilə gedirsən, 90 manat maaş verir, həm qabını yuduzdurur, həm süpürtdürür, həm hər işə buyurur…
Hər şey bir qırağa, bu yığıncağa «Əmək Yarmarkası» adı vermək günahdır. Dolama Yarmarkası, «1 aprel» Yarmarkası (heyf ki, aprelin 27-sidir), Təhqir Yarmarkası, Xəstəliktapma Yarmarkası, «Ümidsizləş!» Yarmarkası adları daha uyğundu.
Mənə ən maraqlı olan isə odur ki, kimin gözünə və niyə pərdə asırlar? Ermənistandakı işsizlikdən danışmaqdan yorulmayan TV-kanalfasonlar niyə öz İŞSİZLƏR ORDUSUNU görməzliyə vurur?
Məşğulluq İdarəsinin işçilərinin ciddi bir iş görmüş kimi özləri ilə fəxr etməsi iş tapana kimi yadımdan çıxmaz.
Və sonda, » Mən fəxr edirəm ki, mən İşsiz azərbaycanlıyam!»

 
6 комментариев

Опубликовал на Апрель 27, 2012 в General

 

Метки: , ,

Konsulluq Xidməti

Xarici pasportumun vaxtı bitib və Rusiyadan Azərbaycana qayıtmaq üçün Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinden qayıdış kağızı almalı idim. Buna görə də səfirliyin konsulluq xidməti olan binaya getdik. Binanın qapısı önündə xeyli adam var idi. Saytlarında dokument qəbulunun vaxtını saat 9:00-dan 12:30-adək göstərsələr də qapının üstünə 9:30 – 12:30 yazıb yapışdırıblar.

Saat 9:00-da orda idik və növbədə olan vətəndaşlar tərəfindən tutulmuş siyahıya görə 53-cü adam idim. Sonra bildim ki, insanlar içəri keçə bilmək üçün gecəni elə həmin küçədə qalırlar. Həmin günü növbədə duranlardan cəmi 18 nəfər yola saldılar, qalanları isə əlacsız evlərinə, qohumlarına, vokzallara üz tutdular.

“Qayıdış kağızı”na görə nəzərdə tutulmuş dövlət rüsumu 40$-dır. Növbədə gözlədiyim zaman 166$ versəm növbədən kənar yola salına biləcəyimi öyrəndim. Elə bu zaman hər şey mənə aydın oldu.  Insanlar başqa şəhərlərdən gəlir bu kağız üçün, qalmaqlara Moskvada yerləri yox, amma onları düşünən kimdi? Pul insaniyyətliyi basırıb.

Sabahı günü də getdim və içəri daxil ola bildim. 4 pəncərədən 2-si işləyirdi, onlardan biri viza ilə bağlı gələn xarici vətəndaşlara xidmət göstərirdi. Isti yerdə oturan səfirlik işçiləri çox asta tərpənirdilər, çöldə donan camaatı isə düşünən yox idi.

Bununla bağlı səfirliyə elektron şikayət məktubu yolladım. Ümid edirəm, müsbət dəyişiklik olacaq!

 
Оставить комментарий

Опубликовал на Ноябрь 7, 2011 в General

 

Метки: , , , ,

Azeronline ADSL fırıldağı

Bir neçə ay bundan əvvəl dial-up-dan bezib ADSL (limitsiz internet) xidmətinə qoşulmaq fikrinə düşdüm. Gəncədə yalnız AzTelekom və Azeronline bu istiqamətdə xidmət göstərirdilər ki, bunların içində də Azeronline sürətinə görə Aztelekomdan məsləhətli olduğunu tanışlar bildirdilər.

Mən Gəncədən Azeronline-la yalnız Azercell nomrəsindən 2020-yə zəng vuraraq əlaqə saxlaya bilərəm. Baxmayaraq ki, internet xidməti göstərirlər, saytlarında elektron ünvanları belə yoxdur. Diplom işi yazmaq üçün mənə internet təcili lazım olduğu üçün ünvanları olmadığına göz yumdum.

2020-yə zəng vurub qeydiyyata düşdükdən bir həftə sonra işçiləri gəlib kompüteri internetə qoşdu. Heç bir müqavilə bağlamadıq. Arada şəbəkə itirdi və mən heç bir yerə şikayət edə bilmirdim.

3 aydı ki, mən Gəncədə yoxam və kompüterimdən də heç kim istifadə etmirdi. Bu yaxınlarda qardaşım Gəncəyə gedəndə 5 manat balansa əlavə edib, 10 gün internetdən istifadə edə biləcəyini demişdim. O da 5 manatın borca getdiyini deyəndə bilmişəm ki, 3 ay ərzində hər gün balansıma 10 qəpik borc yazılır. Sual ortaya çıxır: xidmətdən istifadə etmədiyim vaxtlarda hesabıma borc yazılacağı haqda Azeronline saytlarının hansı küncündə qeyd edib? Onu da qeyd edim ki, saytlarının hər küncünü xidmətlərindən istifadə edəcəyim fikrimə düşəndə ilk dəfə oxumuşam və yenə oxudum. Bu haqda heç bir məlumat yoxdur. Hətta olsa belə mən heç bir müqavilə bağlamamışam və işçiləri də mənə bu haqda heç bir məlumat verməyib, ona görə də qanunla Azeronline-a 1 qəpik də borcum yoxdu.

Azeronline borclarını silib, 5 manatı da qaytarmasa, gəlib məhkəməyə müraciət etməli olacam.

Bu yazını yazmağıma səbəb- sizləri məlumatlandırmaqdı, Azeronline fırıldaqçılığından heç kim sığortalanmayıb.

 
3 комментария

Опубликовал на Октябрь 4, 2011 в General

 

Метки: , , ,

Toyda siqaret çəkən «dayılar»

Azərbaycan toylarının eyniliyi məni sıxsa da, bezdirsə də hərdən getməli oluram.

Sonuncu dəfə getdiyimiz toya gecikdiyimiz üçün tanımadığımız insanlarla eyni masada oturmalı olduq. Oturub yeni nəfəs almağa başlamışdıq ki, 3 kişinin siqaret çəkmək istəyi birdən yadlarına düşdü. Ayrı vaxt mentalitetdən mühazirə deyən belə kişilər qız-gəlin yanında siqaret çəkməyi özlərinə ar bilmirlər niyəsə, hətta bəzən qürur bilirlər. Hər aldıqları yemək qismətindən sonra bir siqareti elə çəkirlər ki, sanki siqareti deyil də, dünyanın dərdini çəkirlər.

Sonra sol tərəfdə əyləşən “dayının” da könlünə siqaret düşdü. Artıq gözlərim qıcıqlanırdı, xalam qızının isə başı ağrımağa başladı. Mən durub onlara bir söz desəm, mədəniyyətsiz mən olacaqdım, ona görə də burnumu tutmaqla kifayətləndim. Anlayan anladı, anlamayan da qanmaz gəlib, qanmaz gedəcək.

İnsan nə qədər avam olmalıdır ki, 1 yaşlı körpə uşaqdan tutmuş 80 yaşlı qocanın olduğu bağlı yerdə siqaret çəksin? Siqaret tüstüsü insan orqanizmi üçün daha zərərlidir, çünki o siqaretin filtrindən keçmir.

Hər bir şadlıq saraylarının, kafelərin, klubların və s. kimi yerlerin girişinə “siqret çəkmək qadağandır” yazılmalı və içəridə ciddi nəzarət olmalı! Siqaret çəkməyənləri passiv siqaret çəkənlərə çevirməyə heç kimin haqqı yoxdur!

 
2 комментария

Опубликовал на Июнь 11, 2011 в Saglam Ol!

 

Метки: , ,

Yeni Avtobuslar

Gəncədə yeni avtobuslar fəaliyyət göstərməyə başlayıb. Bu xəbəri eşidəndə çox sevinmişdim və inanıram ki, Gəncəni sevənlər də ən az məni qədər seviniblər. Əvvəlki yazıda qeyd etdiyim “25 yaşlı avtobuslar”ı görmürəm, əvəzində isə şəkildəki avtobusları görürəm. Tam istədiyim avtobuslardan olmasa da, əvvəlki avtobuslardan qat-qat yaxşıdır.

 
1 комментарий

Опубликовал на Май 12, 2011 в Nəqliyyat

 

ETİRAZIM

Yəgin ki, hər biriniz ictimai nəqliyyatda siqaret çəkən sürücü ilə rastlaşıbsız. Mən belə sürücülərlə demək olar ki, hər gün rastlaşıram. Həftənin 5 günü universitetə getmək üçün marşrutlardan istifadə etməli oluram və hər dəfə siqaret çəkən sürücüyə reaksiya verməyən sərnişinləri görəndə təəccüblənirəm. Reaksiya vermədikləri azmış kimi, mənim reaksiyamı görəndə elə baxırlar elə bil cinayət üstündə yaxalayıblar. Halbuki onlar da həmin tütünün tüstüsünü udurlar və bu onların da sağlamlığına zərərlidir.

Nəzərinizə çatdırım ki, tütün tüstüsünün tərkibinə 196 zəhərli maddələr daxildir ki, bunlardan da 14-ü narkotik xarakter daşıyır. Bu zəhərli maddələr siqaret çəkənlə birgə ətrafdakıların da orqanizminə daxil olub immun sistemini zəiflədir. Bundan əlavə, tütün orqanizmdə A vitaminini məhv edir, damarların spazmasına səbəb olur, onları nazikləşdirir, yaddaşı zəiflədir…

Uşaqların orqanizmi inkişaf etməkdə olduğu üçün tütün tüstüsü onlara daha çox ziyandır. Siqaret uşaqlarda qulaq ağrılarının yaranmasına, nəfəs borularının tutulmasına, tez-tez xəstələnmələrinə səbəb olur. Buna baxmayaraq, uşağını marşrutla məktəbə aparan valideyn siqaret çəkən sürücüdən çəkməməsini tələb etmir.

Sağlamlığa biganəlik hardandı bizdə? Bəlkə məlumatsızlğımızdan? Bəlkə o qədər evdə-eşikdə problərimiz var ki, sağlamlıq haqda düşünməyə vaxtımız yoxdur? Çöx nahaq, çünki xəstə orqanizm sağlam gələcəkdən xəbər vermir. Buna görə də mən hərəkətə keçmək qərarına gəldim. Rəngli yapışqan kağızlar və marker aldım. Kağızların üzərinə “ürək sözlərimi” yazıb marşrutlara yapışdırıram və sürücüyə etirazımı bu şəkildə bildirirəm.

“Ürək sözlərimin” bir neçəsi ilə sizi də tanış etmək istəyirəm: “Sürücü, sənin vəzifən sürücülük etməkdir, siqaret çəkmələ sərnişinlərin sağlamlığına zərər vurmaq deyil!”, “Sərnişin, sürücünün ictimai nəqliyyatda siqaret çəkməyinə etirazını bildir! O sənin sağlamlığını geri qaytarmayacaq.”, «Sürücü, xahiş edirəm, ictimai nəqliyyatda siqaret çəkməklə özünlə bərabər sərnişinlərin də sağlamlığına zərər vurmayasan.” Düşünürəm, heç nə etməməkdənsə nəsə etmək yaxşıdır. Hər bir kəs gördüyü haqsızlığa etirazını bildirsə yaşamaq daha asan olar.

 
5 комментариев

Опубликовал на Декабрь 10, 2010 в Nəqliyyat, Saglam Ol!

 

Метки: , , ,

Gəncə kioskları əhalisinin məhvinə səbəb olacaq

Gəncədə demək olar ki, bütün dayanacaqlardakı kiosklarda çörəyin, bulkanın, dönərin və bu kimi məhsulların satışı məni düşündürür və narahat edir. Kiçik bir şəhərdə addımbaşı çörəyin satılması nə qədər düzgündür? Axı un məhsullarını biz adi ərzaq dükanlarından da əldə edə bilərik. Gigiyena qaydalarına əməl olunmamasını da nəzərə alsaq, belə yerlərdən yemək almaq heç düzgün olmadığını görərik.

                             

Moskvada belə kiosklarda adətən qəzet, jurnal, kitablar satılır. Bu həm sərnişinlərin yeni məlumat əldə etməsinə və dünyagörüşünün artmasına, həm də publisistika və jurnalistika kimi vacib sahələrin inkişafına xidmət edir.

Bizim kiosklar insanları daha çox “pirojki” bişirib satmağa yönəldir. Kənardan belə bir təəssürat yaranır ki, millətimiz yemək üçün yşayır, yaşamaq üçün yemir. Düzdür, Gəncənin bir girəcəyindən digər girəcəyinə ictimai nəqliyyatla 60-90 dəqiqəyə çatmaq olur və fikirləşəcəksiz ki, 15-20 dəqiqəyə görə kimdir kiosklardan kitab alan, amma mən inanıram ki, kiosklarda maraqlı kitab və qəzetlər olsa sərnişin o 15-20 dəqiqə haqda düşünməyəcək. Əlbəttə ki, əhalinin alıcılıq qabiliyyəti də nəzərə alınmalı.

 Acınacaqlısı odur ki, şəhərlərarası və ölkələrarası nəqliyyatda da nadir hallarda kitab oxuyan azərbaycanlıya rast gəlirik. Əksəriyyət səfərə hazırlaşanda ilk növbədə yolda nə yeyəcəyini düşünür: “kotlet bişdimi? Yumurta hazırdımı? Həə, yola çıxmaq olar”. Bəlkə də Məlikməmmədin nağılları bizə belə təsir edib. O zaman yeni nağıllar yazıb, kiosklarda satışa çıxarmalıyıq. Yoxsa bir tərəfdən xəstəliklər (keyfiyyətsiz və antigigiyenik şəraitdə hazırlanmış ayaqüstü yeməklər insan orqanizmində mikrobların artmasına və nəticədə immunitet zəifləyərək xəstəliyin yaranmasına səbəb olur), digər tərəfdən savadsızlıq milləti məhv edəcək.

Sizcə, bu problemi özümüz həll edə bilərikmi?

 

P.S. Gəncə və Moskva ən çox yaşadığım iki şəhər olduğu üçün onları müqayisə etdim.

 
10 комментариев

Опубликовал на Ноябрь 29, 2010 в Saglam Ol!

 

Метки: , ,